CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşağın təhqir edildiyi bağçanın müdiri və tərbiyəçisi işdən azad edildi - VİDEO

Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib.
Sputnik
BAKI, 12 iyul — Sputnik. Azyaşlının təhqir edildiyi 310 nömrəli uşaq bağçasının müdiri və tərbiyəçi-müəllimi işdən azad olunub.
Bu barədə Bakı Şəhər Təhsil İdarəsi Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirib.
Qurumdan verilmiş məlumata görə, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib.
Həmçinin Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib.
BŞİH qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.
Qeyd edək ki, sosial şəbəkələrdə 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin azyaşlıya şiddət göstərdiyi əks olunan görüntülər yayılıb.