İQTİSADİYYAT

Xaçmazın "Zolotoy" şaftalısı Rusiya bazarına göndərilir - FOTO

Qonşu ölkəyə aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək yola salınır.
Sputnik
BAKI, 11 iyul - Sputnik. Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir. Meyvənin satış qiyməti də təsərrüfatçıları qane edir. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bu mövsüm Şaftalının bir kiloqramı 70 qəpik - 1,5 manata satılır.
Belə ki, xaçmazlı təsərrüfatçılar iyul ayının ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar. Hazırda bağlardan şaftalının “Zolotoy”“Fədai” kimi tezyetişən sortları yığılır.
Xaçmazda şaftalı yığımı
Rayonda yığılan şaftalının böyük hissəsi qonşu Rusiyanın müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır.
Xaçmazda şaftalı yığımı
Rayonun Çiləgir kəndindən olan təsərrüfatçı Əliheydər Yusifov bildirir ki, bir hektar şaftalı bağı var və 3-4 gündür yığıma başlayıb.

“İndi “Zolotoy” sortunu toplayırıq. Bu şaftalının hər kiloqramını bizdən yerində 0,7 - 1 manata alırlar. “Fədai” sortunu isə 1 - 1,5 manata alırlar. Yığılan məhsullar əsasən yerli və Rusiya bazarlarında satılır. Məhsuldarlıq ötən illə müqayisədə yaxşıdır. Məhsula tələbat da var. Qiyməti də sərfəlidir”, - deyə Ə.Yusifov söyləyib.

Bildirilir ki, rayonda şaftalı yığımı oktyabr ayınadək davam edəcək.
Xaçmaz ərazisində, ümumilikdə, 3 min hektara yaxın şaftalı bağı var. Həmin bağlardan 900 hektara yaxını müasir suvarma sistemi ilə təmin olunan intensiv bağlardır. Hər il bağlardan 7-8 min ton şaftalı toplanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
AİK-ə bəzi meyvə pürelərinin idxal rüsumlarının müvəqqəti ləğv edilməsi təklif edilib