"İranın xarici siyasətini ali dini şura və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) müəyyən edir. Hesab edirəm ki, ümumi maraqların təmin edilməsi baxımından Pezeşkianın prezident seçilməsi müsbət hadisədir. Cənub qonşumuz həm region daxilində, həm də regionumuzdan kənarda cərəyan edən bir çox proseslərin mərkəzində və ya arxasında dayanır. İran dünya dövlətləri ilə münasibətlərinin normallaşdırılması üçün Azərbaycana müraciət edə bilər. Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrdə İranın əhəmiyyəti danılmazdır".
"Pezeşkian islahatçı kimi təqdim olunur və idda edilir ki, bu, Azərbaycanla münasibətlərə öz təsirini göstərəcək. Ancaq xatırlamaq lazımdır ki, Rəfsəncani, Məhəmməd Xatəmi və Həsən Ruhani də islahatçı idi. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə həmin bu rəhbərlər Ermənistana yardımlar edirdilər. 44 günlük Vətən müharibəsi dövründə göndərilən silahlar İran vasitəsilə Ermənistana ötürülürdü. Sonuncu prezident İbrahim Rəisinin dövründə də Azərbaycana qarşı, qonşuluqdan və müsəlmanlıqdan uzaq hikkəli siyasəti davam etmişdi. Tehrandakı səfirliyimizə hücum edilmişdi. Bütün bunlar onu göstərir ki, prezidentlərin islahatçı, mühafizəkar olmasından asılı olmayaraq Azərbaycan-İran münasibətlərinin inkişafına təsir edən şəxslər prezidentlər deyil. İranın ölkəmizlə münasibətlərinə istiqamət verən İranın ali rəhbəridir".
"Tehran hesab edir ki, bu layihənin reallaşması onun geosiyasi maraqlarına ciddi zərbə vuracaq. Məsud Pezeşkian Azərbaycanla bağlı bu siyasəti dəyişmək gücündə deyil", - Sədrəddin Soltan deyib.