BAKI, 9 iyul — Sputnik. Adı açıqlanmayan bir neçə ölkə Ermənistandan kosmosa buraxılmış "Armsat-1" və "Hayasat-1" peyklərini orbitdən çıxarmağı tələb edib. Bu barədə Ermənistanın "Joqovurd" nəşri mənbələrə istinadən yazıb.
"Müxtəlif ekspertlərin fikrincə, kosmosa göndərilən peyklər digər ölkələrin peykləri üçün problemə çevrilib, onların işini və ya proqramlarının bir hissəsinin fəaliyyətini pozub" - nəşr qeyd edib.
Qəzetin yazdığına görə, Ermənistanın "Armsat-1" və "Hayasat-1" peykləri qeyri-peşəkar şəkildə buraxılıb, hesablamalar səhv aparılıb. Qəzet iddia edib ki, Ermənistanın yüksəktexnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyanın istefası məhz bununla bağlıdır. Poqosyan özü bunu təkzib edir.
İyun ayında NASA məlumat vermişdi ki, Ermənistan ABŞ-la Ay, Mars və kosmosun dərinliyinin tədqiqi üçün kosmosda davranış prinsipləri və normaları haqqında saziş imzalayıb.