BAKI, 9 iyul — Sputnik. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimdə ölkəmizi təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır.
Qeyd edək ki, birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək.