BAKI, 8 iyul — Sputnik. Təhlükə var və davam edir. Hər kəs diqqətli olmalı – onlayn oğurluq halları sürətlə artmaqdadır. Dünyanın inkişaf etmiş bütün ölkələrinin əsas probleminə çevrilən kiber oğurluq hallarının qarşısının alınması kart sahibindən asılıdır.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev kibertəhlükəsizliklə bağlı vətəndaşlara müraciətində qeyd edib.
"Vətəndaş nə etməlidir, seyfinin açarını (oxu: bank kart məlumatları) naməlum şəxslərə niyə verməlidir? Vəziyyətin nə dərəcədə riskli olduğunu hər bir vətəndaş bilməlidir. Naməlum xarici nömrələrdən gələn zənglər vasitəsilə ayrı-ayrı vətəndaşların aldadılması bank kartlarında olan vəsaitlərin kütləvi talanması ilə nəticələnir. Vətəndaş diqqətli olmalıdır", - məlumatda deyilir.
O da bildirilir ki, "WhatsApp", "Telegram", "Signal", "Messenger" üzərindən naməlum şəxslərlə danışıqlardan hər bir şəxs çəkinməli, bank kart məlumatlarını başqa şəxslərə verməməlidir:
"Yalanlara inanmaq istəməyənlər dəqiqləşdirmə aparsınlar. Qeyri-iş günüdür, bankla əlaqə yarada bilmirsiniz, polisdən soruşun. Polis 24 saat suallara cavab verməyə hazırdır. DİN-in sosial şəbəkə platformaları fasiləsiz rejimdə çalışır".
Araşdırmalarla müəyyən edilib ki, danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki, tanımadığınız, naməlum şəxslərə inanmayın, yalandır, şəxsi məlumatlarınızı paylaşmayın!", - o vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.