BAKI, 6 iyul - Sputnik. İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı zamanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
"Sizinlə Türk dünyasının mədəniyyət paytaxtlarından biri olan Şuşa şəhərində görüşməyimizin dərin mənası var. Gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. XX əsrin böyük siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır. Hazırda tarixi ədalətin bərpa olunduğu bir zamanda və Azərbaycanın azad etdiyi Qarabağda hörmətli İlham Əliyevin rəhbərliyi ilə aparılan nəhəng quruculuq işlərinin, memarlıq və mədəni abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin əyani şahidi oluruq. Sizin kimi dəyərli qardaşımızın belə möhtəşəm işləri yaxın dostlarınız olaraq bizləri sonsuz dərəcə sevindirir və qürurlandırır. Birgə səylərimiz və xüsusi marağımızla bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağın gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcəyinə inanıram” - Mirziyoyev deyib.
Beş il əvvəl məhz Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv olduqlarını xatırladan Özbəkistan Prezidenti bildirib ki, ötən qısa dövrdə üzv ölkələrlə 30-dan çox önəmli sahədə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq qurulub. Bu Zirvə görüşünün qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda reallaşdığını söyləyən Şavkat Mirziyoyev qeyd etdi: “Belə bir qarışıq vəziyyətdə əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi zaman tələb edir. Bu baxımdan, bugünkü görüşün nəqliyyat, qarşılıqlı əlaqələr və iqlim fəaliyyəti vasitəsilə davamlı bir gələcək inşa etmək mövzusunda keçirilməsi böyük önəm daşıyır”.
Özbəkistan Prezidenti bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da toxundu, bu tədbirin bütün ölkələrimiz üçün böyük tarixi hadisə olduğunu vurğuladı. “İqlim dəyişikliyi məsələsində dünya liderlərinin uğurlu bir görüş keçirmələrini səmimi-qəlbdən diləyirik. Biz bu nüfuzlu tədbirə fəal şəkildə qatılmağa və bu məsələdə Azərbaycana mümkün olan hər cür yardımı göstərməyə hazırıq”, - deyə Şavkat Mirziyoyev əlavə edib.