BAKI, 5 iyul — Sputnik. TƏBİB Sabirabadda doğuş zamanı ölən qadın və körpəsi ilə bağlı Sputnik Azərbaycan-ın sorğusunu cavablandırıb. Qurumdan verilmiş cavabda bildirilib ki, 2000-ci il təvəllüdlü 28-29 həftəlik hamilə 24.06.2024-cü il tarixində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib. Qeysəriyyə kəsiyi əməliyyatı ilə körpəsi dünyaya gələn zahı qadına reloporotomiya diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, ağciyər arteriyasının tromboemboliyası, posthemorragik anemiya, poliorqan çatışmazlığı səbəbilə 25.06.2024-cü il tarixində vəfat edib.
Doğulan körpənin cinsi qadın, çəkisi 950 qr., boyu 36 sm. olub. Ona perinatal dövr üçün dəqiqləşdirilməmiş pozğunluq, tənəffüs çatışmazlığı, perinatal dövr üçün dəqiqləşdirilməmiş infeksiya, yarımçıqdoğulmuşların anemiyası, doğuş zamanı son dərəcə az bədən çəkisi, vaxtından əvvəl doğulma diaqnozları təyin edilib. Vəziyyəti ağır olan yenidoğulan həkimlərin səylərinə baxmayaraq, 04.07.2024-cü il tarixində vəfat edib.
Qeyd edək ki, Sabirabadda qadın doğuş zamanı, körpəsi isə bir neçə gün sonra ölüb. Rayon xəstəxanasına doğuş üçün müraciət edən Günel Vəliyeva üzərində qeysəriyyə əməliyyatı aparılıb. G.Vəliyeva uşaq dünyaya gətirəndən sonra ölüb.Bir neçə gündən sonra qadının dünyaya gətirdiyi körpə də dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.