BAKI, 5 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Sənəd ölkənin milli hüquqi internet portalında dərc olunub.
Xatırladaq ki, saziş iyunun 19-da Belarus parlamentinin aşağı palatası, iyunun 20-də isə yuxarı palatası tərəfindən təsdiq edilib.
"Bir tərəfdə Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri, digər tərəfdə İran İslam Respublikası olmaqla tərəflər arasında 25 dekabr 2023-cü ildə imzalanmış azad ticarət sazişi ratifikasiya edilsin", - sənəddə deyilir.
Saziş Aİİ ölkələri ilə İran arasında tarif və qeyri-tarif maneələri azaltmaq və ya aradan qaldırmaq, iqtisadi və ticarət qarşılıqlı fəaliyyətini dəstəkləməklə ticarətin liberallaşmasına və sadələşdirilməsinə yönəlib.
Bu sənəd Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qaydalarına mümkün qədər yaxın olan tərəflər arasında ticarətin əsas qaydalarını formalaşdırır. Bu, məsələn, ticarət üçün əlverişli şəraitin yaradılması, qoruyucu tədbirlərin və gömrük inzibatçılığının tətbiqi, malların idxalına qoyulan kəmiyyət qadağalarından və məhdudiyyətlərdən imtina etməkdir.
O, həmçinin baytarlıq, sanitariya və fitosanitar tədbirlər, texniki tənzimləmə baxımından ÜTT-nin əsas standartlarını təmin edən müddəaları ehtiva edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.