BAKI, 4 iyul — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) tarixin doğruluq tərəfində, ədalətin tərəfindədir, təşkilat dünya üçün həyati əhəmiyyət kəsb edir. Bunu Çin sədri Si Cinpin ŞƏT-ə üzv ölkələrin Başçıları Şurasının 24-cü iclasında çıxışı zamanı deyib.
Çin lideri vurğulayıb ki, hazırda dünyada dəyişikliklər sürətlənir və bəşər cəmiyyəti yenidən tarixin kəsişməsindədir.
"Şanxay Əməkdaşlıq Təşkilatı tarixin doğru tərəfində, ədalət və qərəzsizliyin tərəfindədir. Bu dünya üçün son dərəcə vacibdir. ŞƏT-ə üzv dövlətlər həmrəylik nümayiş etdirməli və onların daxili işlərinə kənardan müdaxilə cəhdlərinə birgə müqavimət göstərməlidirlər. Xarici müdaxilə və parçalanma kimi real çağırışlar qarşısında biz həmrəylik nümayiş etdirərək qüvvələri birləşdirməliyik”, - Si Cinpin bildirib.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşıb.
Ümumilikdə ŞƏT Cənubi, Cənub-Şərqi və Şərqi Asiyadan Yaxın Şərqə və Avropaya qədər ərazidə 26 üzv dövləti, dialoq üzrə tərəfdaşları (Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lanka) və müşahidəçiləri (Əfqanıstan, Monqolustan) birləşdirir.