BAKI, 3 iyul — Sputnik. Ukrayna və Avropa İttifaqı arasında təhlükəsizlik zəmanətləri haqqında saziş deklarativ xarakter daşıyır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bildirib.
"Bütün oxşar sənədlər kimi, bu saziş deklarativ xarakter daşıyır və hüquqi öhdəlikləri ehtiva etmir. Bu, artıq Ukrayna üçün təhlükəsizlik təminatlarına dair 18-ci sənəddir" - o, brifinq zamanı bildirib.
İyunun sonunda Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Vladimir Zelenski Brüsseldə Aİ və Ukraynanın təhlükəsizlik öhdəlikləri haqqında saziş imzalayıblar.
Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ-Ukrayna təhlükəsizlik sazişi Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Kiyevə hərbi dəstək üçün istifadəsini nəzərdə tutur. Öz növbəsində Ukraynanın baş naziri Denis Şmıqal qeyd edib ki, Ukrayna təhlükəsizlik zəmanətləri üzrə imzalanmış sazişlər çərçivəsində 60 milyard dollarlıq illik hərbi yardıma ümid edir.