AZƏRBAYCAN XƏBƏRLƏRİ

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri təsdiqlənib

Bu ilin fevral ayının 24-də qədim yaşayış məskənlərindən olan Ordubad rayonunun qoruq elan edilməsi barədə prezident sərəncam imzalayıb.
Sputnik
BAKI, 3 iyul — Sputnik. "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının və ərazisinin xüsusi rejimi təsdiq edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərarla "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonası" və "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisinin xüsusi rejimi" təsdiq edilib.
Qeyd edək ki, bu ilin fevral ayının 24-də qədim yaşayış məskənlərindən olan Ordubad rayonunun qoruq elan edilməsi barədə prezident sərəncam imzalayıb. Rayonun inzibati mərkəzi Ordubad şəhəri qədim tarixə malikdir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınmışdır.
Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılmışdır. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Cümə, Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri öz tarixi və mədəni əhəmiyyətini bu gün də saxlayır.