BAKI, 3 iyul — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sonra müdafiə naziri Minsk şəhərində keçirilən müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da qatıldığı hərbi paradı izləyib.
Daha sonra Qələbə meydanı ziyarət olunub. Nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Qələbə abidəsinin önünə gül dəstələri qoyulub.
Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
İclasda hərbi əməkdaşlığın cari vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunub.
Qeyd edək ki, iyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasına səfər edib. Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.
***
Azərbaycan hərbçiləri Minskdə hərbi paradda iştirak edib
Azərbaycan hərbçiləri iyunun 3-də Belarusun Müstəqillik Günü münasibətilə Minskdə keçirilən paradda iştirak ediblər.
Azərbaycan tərəfindən paradın heyətinə kapitan Məhəmməd Saqizadə komandanlıq edib.
"Belarusun azad edilməsində 10 minə yaxın azərbaycanlı iştirak edib", - Azərbaycan əsgərləri tribuna önündən keçərkən paradın şərhçisi qeyd edib.
Paradda Belarus Prezidenti Aleksandr Lukaşenko və MDB ölkələrinin müdafiə nazirləri, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənov iştirak ediblər.
Müstəqillik Gününün iyulun 3-də qeyd olunması haqqında qərar 1996-cı ildə keçirilən referendumdan sonra qəbul edilib. Bu tarix 1944-cü ildə Minskin faşist işğalçılarından azad edildiyi gündür.
Bu il Belarus faşist işğalçılarından azad edilməsinin 80 illiyini qeyd edir, bu çərçivədə hərbi parad keçirilir. Ümumilikdə 36 piyada parad dəstəsində 6 minə yaxın şəxsi heyyət iştirak edir, onlardan 150-si qadındır. Mexanikləşdirilmiş kolonların 29 parad heyətinə 300-dən çox təkərli və tırtıllı maşın daxildir.