DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Kiyevə nə qədər vəsait ayıracağını hələ müəyyənləşdirməyib

ABŞ-ın hələlik Kiyevə ayırdığı vəsaitin konkret məbləğini açıqlamaması fonunda nəşr Vaşinqtonu "ofisiant hesabı gətirdiyi anda tualetə gedən dost"la müqayisə edib.
Sputnik
BAKI, 3 iyul — Sputnik. Birləşmiş Ştatlar G7 ölkələrinin Kiyevə ilin sonuna qədər 50 milyard dollar ayırması ilə bağlı razılaşdırdıqları plan çərçivəsində Ukraynaya nə qədər pul köçürməyə hazır olduğunu hələ müəyyənləşdirməyib. Bu barədə "Politico" qəzeti avropalı rəsmiyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu məsələ G7-nin xəzinə rəhbərlərinin bugünkü iclasının əsas mövzusu olacaq. Qəzet qeyd edir ki, ABŞ administrasiyasının Kiyevə ayrılan vəsaitin həcmini təsdiqləməsi üçün təklif olunan məbləğ vergi ödəyiciləri üçün risk yarada bilərsə ABŞ Konqresinin razılığı tələb olunacaq. Lakin bu halda respublikaçı qanunvericilər təsdiq prosesini ilin sonuna qədər təxirə sala bilərlər, Politico yazır.
ABŞ-ın hələlik Kiyevə ayırdığı vəsaitin konkret məbləğini açıqlamaması fonunda nəşr Vaşinqtonu "ofisiant hesabı gətirdiyi anda tualetə gedən dost"la müqayisə edib.
G7 liderləri iyunun 13-də İtaliyada keçirilən sammitdə 2024-cü ilin sonuna qədər dondurulmuş Rusiyanın aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 50 milyard dollar ayrılması barədə razılığa gəliblər. Dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət Ukraynaya kredit verilməsi üçün zəmanət kimi istifadə olunacaq. Mətndə qeyd olunur ki, Qərb maliyyə institutlarının yurisdiksiyası altında olan suveren Rusiyanın aktivləri Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu zərəri ödəyənə qədər dondurulacaq.
İyunun 14-də Vaşinqton administrasiyasının nümayəndəsi brifinqdə bildirib ki, Ukrayna G7 ölkələrindən 50 milyard dollar məbləğində krediti qrant kimi nəzərdən keçirə bilər.