BAKI, 2 iyul — Sputnik. Çin əmindir ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammiti bütün ölkələrin təhlükəsizliyini və sabitliyini gücləndirməyə kömək edəcək. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.
Mao Nin deyib ki, Astanada keçiriləcək sammit bu il ŞƏT çərçivəsində ən mühüm hadisədir.
Onun sözlərinə görə, sammitdə Çin sədri Si Cinpin təşkilata üzv olan digər ölkələrin rəhbərləri ilə yeni şəraitdə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər, eləcə də cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparacaq.
"Çin tərəfi əmindir ki, bu sammit bütün tərəflər arasında daha böyük konsensusa nail olacaq, əməkdaşlığın yeni dövrünə başlanğıc olacaq və bütün ölkələrin təhlükəsizliyinin, sabitliyinin, inkişafı və dirçəlişinin möhkəmləndirilməsinə, habelə icmanın qurulmasına müsbət töhfə verəcək" - Mao Nin vurğulayıb.
Daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çinin bildirmişdi ki, Çin sədri Si Cinpin iyulun 2-6-da Astanada keçiriləcək ŞƏT Dövlət Başçıları Şurasının 24-cü iclasında iştirak edəcək.
İyulun 3-4-də Astanada ŞƏT sammiti keçiriləcək və orada BMT-nin baş katibi Antonio Quterreş də iştirak edəcək.