"Digər bir məqsəd Rusiya ilə bağlıdır, Şimal qonşumuzu regionda təsirsiz vəziyyətə gətirmək istəyirlər. Təbii ki, biz bu prosesdə ABŞ-ın iqtisadi maraqlarını gözardı edə bilmərik. Məhz verilən açıqlamalar da göstərir ki, Vaşinqton Ruisyanı həm sanksiyalar, həm də iqtisadi təşəbbüslərlə tam bloklamağa cəhd edir. Bu gün Cənubi Qafqaz regionun iqtisadi, siyasi önəmi hər kəsə bəllidir. ABŞ rəsmiləri də bu önəmə diqqət çəkərək regiondan tam gücüylə Rusiyaya qarşı istifadə etmək istəyirlər. Amma diqqət edilməli məqam Azərbaycanın tələbləridir. Rəsmi Bakının mövqeyi dəfələrlə bəyan edilib. Hazırkı şərtlər altında dayanıqlı sülhdən danışmaq olmaz. Paşinyandan sonrakı iqtidarların Cənubi Qafqaza yeni müharibələr gətirməməsi üçün konstitusiya dəyişlikləri labüddür. Bununla yanaşı Ermənistanın silahla doldurulması fonunda Qərbin sülhlə bağlı təşəbbüslərinə bel bağlamaq olmaz".
"Belə qənaətə gəlmək olar ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasından istifadə edib Qərbin maraqlarına cavab verəcək dəyişikliklər etmək istəyirlər. ABŞ artıq Zəngəzur dəhlizinin yaxın zamanda istifadəyə verilməsinə müsbət mövqeyini ortaya qoyur. Amma bir amil var ki, ABŞ Rusiya sərhəd qoşunlarının dəhlizə nəzarət imkanlarının qarşısını almaqla buna isti yanaşacaq. Halbuki nəqliyyat və kommunikasiyaların bərpa edilməsi ilə bağlı razılığın ifadə olunduğu bəyannamənin moderatoru Rusiyadır. ABŞ Moskva razılaşmalarına əməl etməməyə çağırır. Bununla da Rusiyanın Cənubi Qafqazdan tam şəkildə sıxışdırılıb çıxarılması üçün həlledici addımı atmağa çalışır".
"Biz bunu Gürcüstanda da görürük. Bölgədə ABŞ-ın istəklərini yerinə yetirən yeganə rejim Ermənistandadır. Azərbaycan isə çoxvektorlu xarici siyasət həyata keçirir. Azərbaycan Rusiya ilə münasibətlərini nəzərə alaraq, sabitliyin dayanqlığını əsas tutaraq ABŞ-ın təklifləri ilə razılaşmayacaq. Azərbaycan bloklara qoşulmayan ölkədir. Bu baxımdan ölkəmiz NATO və KTMT ilə əməkdaşlığı sürətləndirməyə tələsmir. Azərbaycan qlobal oyunçular arasında seçim etmir və Cənubi Qafqaz uğrunda gedən mübarizədə tutduğu mövqe ilə bölgədə sabitliyin təmin olunmasına çalışır. Azərbaycanın bu mövqeyi rəsmi Moskvanın mövqeyi ilə üst-üstə düşür".