CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir" - Deputat

Mustafa bildirib ki, sertifikasiya keçirilir, müəllimlərin müəyyən dərəcədə çeşidlənməsi baş verir. Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir. Zəif bənd kimi müəllimlər tapılıb.
Sputnik
BAKI, 28 iyun— Sputnik,. "İnkişaf etmiş dövlətlərin hamısının tarixində təhsil səfərbərliyi olub. Qazandığımız qələbələrdən sonra təhsil səfərbərliyi keçirməliyik".
Bunu Milli Məclisin bu gün keçirilən sonuncu plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Dövlət İmtahan Mərkəzinin verdiyi statistik rəqəmə görə, təhsil-tədris predmetini mənimsəmə faizi orta statistik abituriyentin 29-43 faizini əhatə edir: "İnkişaf etmiş ölkələrdə bu göstərici 70 faizə yaxındır. Təhsilimizin vəziyyəti bu faktdan kifayət qədər görünür. Sertifikasiya keçirilir, müəllimlərin müəyyən dərəcədə çeşidlənməsi baş verir. Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir. Zəif bənd kimi müəllimlər tapılıb. Müəllimlərin sosial vəziyyəti ilə maraqlansaq, bir çox müəllimin imtahana hazırlaşmaq imkanı yoxdur. Sertifikasiya imtahanlarının keçirilməsində xeyli qeyri-müəyyənliklər var. Belə ki, 0-29-a qədər təkmilləşməyə ehtiyacı olanlar, 30-dan 50-yə qədər isə qənaətbəxş olanlar götürülür. 30-50 arasında böyük məsafə var. Burada dəyişiklik olmalı, 40-dan 50-yə qədər bal toplayanlara 20 faiz əməkhaqqının artırılması tətbiq olunmalıdır".
Xatırladaq ki, sertifikatlaşdırma dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə həyata keçirilir. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir.
Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;
- azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.