İQTİSADİYYAT

Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib ki, bu Saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb və iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək, vergi sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Sputnik
BAKI, 28 iyun — Sputnik. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır.
Milli Məclisin iclasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"in təsdiq edilməsi məsələsinə baxılıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib ki, bu Saziş 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb və iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək, vergi sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır: "Sazişdə müxtəlif vasitələrlə əldə edilmiş gəlir və mənfəətə münasibətdə vergilərin tətbiq edilməsi şərtləri, qarşılıqlı əlaqəli müəssisələrə dair vergitutma qaydaları açıqlanır. O cümlədən dividentlərin, müxtəlif subyektlərə ödənilən faizlərin və qonorarların vergiyə cəlb olunması proseduruna aydınlıq gətirilir. Sazişin ayrı-ayrı maddələrində daşınmaz əmlak, müstəqil fərdi xidmətlər, muzdlu işdən əldə olunan gəlir, qonorarlar, müxtəlif peşə sahiblərinin əldə etdikləri gəlirlər, dövlət qulluqçuları, tələbələr, elm işçiləri və digər kateqoriyalar üzrə vergitutma qaydaları əks olunur".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da bu Sazişi vacib və əhəmiyyətli hesab edib. Onun sözlərinə görə, bu addımlar Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrimizi tamamilə yeni bir müstəviyə qaldırır.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
İkiqat vergitutma nədir?
Qeyd edək ki, ikiqat vergitutma bir şəxsin eyni gəlirinin birdən artıq dövlət tərəfindən eyni növlü vergiyə cəlb edilməsidir. İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər xarici investisiyaların cəlb edilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Dövlət Vergi Xidmətinin məlumatına görə, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr beynəlxalq iqtisadi əlaqələrin inkişafında xüsusilə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu müqavilələr bir dövlətin sərmayəçilərinin digər dövlətdə fəaliyyətləri zamanı vergitutmanın prinsiplərini müəyyənləşdirməklə, həmin sərmayəçilərə əlverişli şəraitin yaradılması, bununla da xarici sərmayələrin cəlb edilməsi və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük önəm daşıyır.