CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır - Nazir

Muxtar Babayev qeyd edib ki, işğal dövründə bina və tikililərin dağıdılması nəticəsində çoxlu tikinti-söküntü tullantıları yaranıb.
Sputnik
BAKI, 27 iyun - Sputnik. Tibbi tullantıların düzgün idarə olunması xüsusi əhəmiyyət kəsb edir. Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumunda çıxışı zamanı deyib.
Nazir tibbi tullantıların toplanması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi üçün müasir metodları və texnologiyaları tətbiq etməyin vacib olduğunu bildirib.
M.Babayev həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə tullantıların müasir idarəetmə sisteminin qurulması üzərində fəal iş aparılır. Bu, yenidənqurma prosesinin vacib hissəsidir.
Nazir Qarabağda tullantıların yığılması, çeşidlənməsi və təkrar emalı üçün müasir infrastrukturun yaradılmasının əsas prioritet olduğunu, bu məqsədlə Regional Strategiya hazırlandığını qeyd edib:
“İşğal dövründə bina və tikililərin dağıdılması nəticəsində çoxlu tikinti-söküntü tullantıları yaranıb. Həmin tullantıların müasir şəkildə idarə olunması və xammal kimi təkrar istifadəsi vacibdir. Ağdam rayonunda bərpası planlaşdırılan kəndlərdə pilot layihələr həyata keçirilir. Lakin bu ərazilərdə intensiv bərpa-quruculuq işləri aparıldığı üçün özəl sektorun diqqətinin artırılması vacibdir. Bu prosesin başlanmasında UNEP-in (BMT-nin Ətraf Mühit Proqramı) dəstəyini xüsusilə qeyd etmək istərdik".