BAKI, 24 iyun — Sputnik. Dəmir hasarın üstünə çıxarkən yıxılan və hasarın üstünə aşması nəticəsində ağır xəsarət alan azyaşlı TƏBİB tabeliyindəki Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.
Sputnik Azərbaycan-a KTM-dən verilən məlumata görə, 4 yaşlı uşaq 15.06.2024-cü il tarixində qarının qapalı travması, qarın boşluğu orqanlarının travması, acı bağırsağın cırılması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra xəstə təcili əməliyyata alınıb.
Dəmir hasarın üstünə çıxarkən yıxılan
© Photo : Social media page of Clinical Medical Center
KTM-in uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə baş tutan əməliyyatda cırılmış bağırsağın tikilməsi, qarın boşluğunun təftişi, drenajı prosedurları icra edilib.
Əməliyyatdan sonra vəziyyəti stabil olan xəstənin həkim nəzarətində stasionar müalicələri davam etdirilib. Səhhətində müsbət dinamika müşahidə edilib.