RUSİYA

Prezident İlham Əliyev Putinə və Dağıstan Respublikasının rəhbərinə başsağlığı verdi

Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu göndərib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə göndərilmiş məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.
Bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəkləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıram".
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubunun mətnində deyilir:
"Hörmətli Sergey Alimoviç.
Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram".
Qeyd edək ki, bazar günü Dərbənd və Mahaçqalada silahlı yaraqlılar iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb. Daha 44 nəfərin yaralandığı qeyd olunur.