TƏHSİL

Dövlət qulluğuna qəbul prosesində yeni model tətbiq ediləcək

Məleykə Abbaszadə deyib ki, bundan əvvəl səriştə modelinin sonuncu versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modeli sınaqdan keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bundan əvvəl səriştə modelinin sonuncu versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq:
"Bu, çox vacib mərhələdir. Bu model üzrə 2 ildir işləyirik. Artıq bu modelin tətbiqinə başlayırıq. 2024-cü ildə bu modelin sınağı, 2025-ci ildə isə müvafiq qanunvericilikdə aparılan dəyişikliklə dövlət qurumlarına işə qəbul prosesini bu modellə həyata keçirəcəyik".
O əlavə edib ki, səriştə modelinə əsaslanan qəbul daha keyfiyyətli, bacarıqlı dövlət qulluğunda bütün prosesləri şəffaf keçirməyə imkan verəcək.
09.06.23, 15:26
Bu il bakalavriat və magistr üzrə dövlət sifarişli yerlərin sayı məlum olub
Son 5 ildə ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı 118,7 faiz, qəbul plan yerlərinin sayı isə 34,6 faiz artıb.
Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, son 5 ildə qəbul planı yerlərinin sayına görə, ən çox artım 14,3 faiz olmaqla texniki və texnologiya sahəsində olub: "Dövlət sifarişli yerlərin sayı baxımından isə bu sahədə 30 faiz artım olub. İT sahəsində bakalavriat səviyyəsində tələbələrin 90-95 faizi, magistratura səviyyəsində isə 100 faizi dövlət sifarişli yerlərə daxil olur".
Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini bildirib ki, bakalavriat üzrə bu il dövlət sifarişli yerlərin sayı açıqlanıb. O bildirib ki, ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı 8 faiz artaraq 27691 yerə çatdırılıb.
Yaqub Piriyev media nümayəndələri ilə görüşdə onu da bildirib ki, növbəti tədris ili üçün magistratura üzrə proqnoz qəbul yerlərin sayı açıqlanıb. O bildirib ki, 2023-2024-cü tədris ilində bu yerlərin sayının 6478 olacağı gözlənilir.