BAKI, 21 iyun — Sputnik. Yeni ölkələrin BRİKS-ə qoşulması bu beynəlxalq assosiasiya üzvlərinin turizm imkanlarının genişlənməsinə səbəb olub və qrup daxilində viza rejiminin sadələşdirilməsi gündəmdədir. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, Rusiyanın BRİKS-dəki Şerpası Sergey Ryabkov assosiasiyaya üzv ölkələrin birinci turizm forumunun plenar iclasının iştirakçılarına videomüraciətində bildirib.
"Bu il yanvarın 1-də yeni ölkələrin BRİKS-ə qoşulması ölkələrimizin vətəndaşları üçün turizm imkanlarının coğrafiyasını və spektrini genişləndirir. Bu BRİKS üzvləri arasında qarşılıqlı məlumatlılığın artmasına, mübadilələrin genişlənməsinə müsbət təsir göstərəcək", o qeyd edib.
"Ümid edirəm ki, forumdakı müzakirələr bizə qlobal tendensiyaları, milli strategiyaları, perspektivləri və turizm sahəsində əməkdaşlığın praktiki mexanizmlərini təhlil etməyə imkan verəcək", - Ryabkov bildirib.
Ryabkov əlavə edib ki, görüşdə qrupa daxil olan ölkələrin turizm nazirləri ortamüddətli perspektivdə ixtisaslaşmış əməkdaşlığın inkişafını müəyyən edəcək mühüm razılaşmalar əldə edə bilərlər.
"Biz turizm sektorunun davamlılığını və inklüzivliyini artırmağa kömək etmək üçün yaşıl turizm sahəsində artıq fəaliyyət göstərən BRİKS alyansı çərçivəsində işi davam etdirmək əzmindəyik", - xarici işlər nazirinin müavini vurğulayıb.
BRİKS haqqında
BRIKS qrupu 2006-cı ildə yarandığı gündən bu yana iki genişlənmə dalğasından keçib. 2011-ci ildə Cənubi Afrika Respublikası Rusiya, Braziliya, Hindistan və Çinin daxil olduğu assosasiyaya qoşulub. 2023-cü ilin avqustunda Argentina da daxil olmaqla altı yeni üzv assosiasiyaya qoşulmağa dəvət edilib, lakin həmin ilin dekabrın sonunda Argentina üzv olmaqdan imtina edib. Beş yeni üzv - Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya 2024-cü il yanvarın 1-dən BRİKS-də tam hüquqlu fəaliyyətə başlayıb.
2024-cü il yanvarın 1-də Rusiyaya keçən BRİKS-ə sədrlik ilin sonuna qədər davam edəcək və geniş mövzular üzrə 250-dən çox tədbiri əhatə edəcək. Əsas tədbir 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammiti olacaq.