AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək - Prezidentə müraciət edildi

Deputatlar Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyini diqqətə çatdıraraq növbədənkənar parlamentin seçkilərinin keçirilməsini məqsədəuyğun hesab ediblər.
Sputnik
BAKI, 21 iyun— Sputnik. "Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin qərar layihəsi hazırlanıb.
Qərar layihəsinin mətnini deputat Tahir Rzayev oxuyub. Qərar layihəsində deyilir:
“Milli Məclisdə çoxluq təşkil edən YAP üzvləri parlament sədrinə müraciət edərək, həm parlament seçkilərinin, həm də mötəbər beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün müraciət edib. YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Parlament seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir”.
Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin.
Müzakirələr zamanı deputatlar Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyini diqqətə çatdıraraq növbədənkənar parlamentin seçkilərinin keçirilməsini məqsədəuyğun hesab ediblər. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
***
Milli Məclisin bu gün keçirilən iclasının gündəliyi dəyişib.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
İclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ əlavə edilib.
Beləliklə, parlamentin plenar iclasının gündəliyinə daxil olan məsələlərin sayı 13-ə çatıb.
Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.