İQTİSADİYYAT

Rusiya və Vyetnam ASEAN, Aİİ və ŞƏT arasında əməkdaşlığa töhfə verəcəklər

Moskva və Hanoy Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu və regional parlamentlərarası strukturlar çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirəcəklər.
Sputnik
BAKI, 20 iyun - Sputnik. Rusiya və Vyetnam Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında əməkdaşlığın artırılmasına töhfə verəcək. Bu barədə Rusiya prezidenti Vladimir Putinin respublikaya səfərinin yekunları üzrə iki ölkənin birgə bəyanatında deyilir.

“Tərəflər regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsini və regionlararası əlaqə ilə bağlı təşəbbüslərin, o cümlədən Böyük Avrasiya Tərəfdaşlığı layihəsinin həyata keçirilməsini dəstəkləyir, həmçinin ASEAN ilə Avrasiya İqtisadi İttifaqı arasında iqtisadi əlaqələrin gücləndirilməsi potensialını araşdıracaqlar”, - bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, Rusiya və Vyetnam Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu və regional parlamentlərarası strukturlar (ASEAN Parlamentlərarası Assambleyası, Asiya-Sakit Okean Parlament Forumu, Asiya Parlament Assambleyası) çərçivəsində qarşılıqlı fəaliyyətini davam etdirəcəklər.
Bəyanatda deyilir ki, Rusiya və Vyetnam BMT Nizamnaməsinə əsaslanan ədalətli və davamlı çoxqütblü dünya nizamının formalaşmasına töhfə verəcək.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin KXDR-ə dövlət səfərindən sonra Moskva vaxtı ilə iyunun 19-da axşam saatlarında Vyetnama gəlib.
Bu, Putinin Vyetnama beşinci səfəridir; o, daha əvvəl 2001, 2006, 2013 və 2017-ci illərdə Asiya dövlətinə səfər edib.
Hazırkı danışıqlar zamanı Rusiya-Vyetnam hərtərəfli strateji tərəfdaşlıq məsələlərinin bütün spektri müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.