BAKI, 20 iyun — Sputnik. "Azərbaycanda ambulator şəraitdə dərman təminatı ilə bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub". Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.
O qeyd edib ki, hazırda Azərbaycanda ambulator şəraitdə dərman təminatı yoxdur:
"Bu, böyük bir ehtiyacdır. Bununla bağlı layihə təsdiq olunduqdan sonra qarşıdakı 3 ildə mərhələli şəkildə həyata keçiriləcək".
Xatırladaq ki, hələ ötən ildən Azərbaycanda yerli və beynəlxalq ekspertlərlə, əsasən də türkiyəli mütəxəssislərlə birgə vətəndaşlara ambulator şəraitdə dərmanların verilməsi istiqamətində mexanizmlər hazırlanırdı.
Hazırda tibb müəssisələrinin təminatında olan dərmanların sayı 405-ə çatdırılıb. Bu da keçən illə müqayisədə 60 dərman çoxdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva mətbuata açıqlamasında bildirib ki, ilk yerdə yüksək təzyiqdən əziyyət çəkənlərdir.
Birinci mərhələdə onlara dərmanlar veriləcək. Mərhələli şəkildə digər xəstəliklər üzrə də dərmanların verilməsi həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.