CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Velosiped yolları ilə bağlı dövlət standartı qəbul edilib

Dövlət standartı "Nəqliyyat və nəqliyyat infrastrukturu" (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb.
Sputnik
BAKI, 17 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən TS 9826 "Şehiriçi yollar - Bisiklet yolları" standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – "Şəhərdaxili yollar – Velosiped yolları" dövlət standartı qəbul edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, dövlət standartı velosipeddən istifadənin təşviqi, ölkə ərazisində uyğun infrastruktur - velosiped yollarının və zolaqların yaradılması, əhalinin velosiped sürməyə artan marağı, həmçinin bu sahənin insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyəti nəzərə alınmaqla hazırlanıb.
Dövlət standartı "Nəqliyyat və nəqliyyat infrastrukturu" (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, "Bakıda velosiped nəqliyyatı"konseptual planı hazırlanıb. Sözügedən plan Bakı şəhərinin hazırlanan yeni Baş Planına da daxil edilib. Baş plana əsasən ilkin mərhələdə, yəni, 2027-ci ilə qədər Bakı şəhərində ümumi uzunluğu 63.5 km, daha sonrakı mərhələdə isə yəni 2040-cı ilədək umumi uzunluğu 251.2 km olan velosiped yol şəbəkəsinin təşkili planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.