BAKI, 17 iyun - Sputnik. İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfransda Rusiya iştirak etmədiyi üçün heç bir nəticə əldə olunmadı. Bu barədə RİA Novosti-yə Almaniya parlamentinin Almaniya üçün Alternativ (AfD) partiyasından olan deputatı Şteffen Kotre bildirib.
Deputat Rusiya və Ukrayna arasında mümkün sülh prosesi üçün müsbət nümunə kimi Ermənistan və Azərbaycan arasında aparılan danışıqları göstərib.
İsveçrə iyunun 15-16-da Luzern şəhəri yaxınlığında, Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirib. Doxsandan çox ölkə, həmçinin 8 təşkilat, o cümlədən Aİ, Avropa Şurası və BMT iştirakını təsdiqləyib. Konfransda ABŞ prezidenti Co Bayden, həmçinin Çin prezidenti Si Cinpin və Braziliya prezidenti Luiz İnasio Lula da Silva iştirak etməyib.
İsveçrə Rusiya Federasiyasına Ukrayna ilə bağlı sammitdə iştirak etmək üçün dəvət göndərməsə də, Moskva heç bir halda iştirak etməzdi. Kreml bəyan edib ki, Rusiyanın iştirakı olmadan Ukrayna münaqişəsində vəziyyətin həlli variantlarını axtarmaq tamamilə məntiqsiz və əbəsdir.
Konfransın yekunu üzrə birgə kommünike Zaporojye AES üzərində nəzarətin Kiyevə qaytarılmasını tələb edir, həmçinin Qara və Azov dənizlərində sərbəst hərəkət, bütün hərbi əsirlərin mübadiləsi və azad edilməsi çağırışlarını ehtiva edir.
Sənəddə münaqişəyə son qoymaq üçün bütün tərəflər arasında dialoqun zəruriliyindən də danışılır. İclasın 91 iştirakçısından yalnız 77-si kommünikeni dəstəkləyib.
Əvvəlcə məlum idi ki, sənədi Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, BƏƏ və Səudiyyə Ərəbistanı, eləcə də Ermənistan, Bəhreyn, İndoneziya, Liviya, Meksika və Tailand imzalamayıb.
Daha sonra Vatikanın mətbuat xidməti RİA Novosti-yə bildirib ki, Vatikan Ukrayna ilə bağlı sammit bəyannaməsini imzalamayıb. Daha sonradan məlum oldu ki, İraq və İordaniya Ukrayna üzrə konfransdan sonra birgə kommünike imzalayan ölkələr siyahısından çıxarılıb.