TƏHSİL

Nazirdən sertifikasiyadan kəsilən müəllimlərlə bağlı açıqlama

Əmrullayev bildirib ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur.
Sputnik
BAKI, 14 iyun — Sputnik. Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.
Nazir bildirib ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur:

"Sadəcə sonuncu təkrar imtahanın nəticələri açıqlandı və bu rəqəmlər cəmiyyətdə çaşqınlıq yaratdı. Bütün müəllimlərin suala səhv cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır, hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlərin əməkhaqqına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlərin az bir qismdir".

Nazir xatırladıb ki, 2022, 2023, 2024-cü illərdə bu günə qədər 40 min 600 müəllim sertifikasiyadan keçib.
Xatırladaq ki, iyun ayının 8-də ötənilki sertifikasiyadan kəsilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanda 7296 müəllim iştirak edib.
Təkrar sertifikasiya imtahanında 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.