BAKI, 14 iyun — Sputnik. "Bürünc Əli" ləqəbli 50 yaşlı Əli İsmayılov Moskvada qazandığı qələbə ilə boks aləmində sensasiya yaradıb və bunun sayəsində MDB ölkələrinin çempionluq kəmərini qazanıb.
Rusiyanın paytaxtında "Dustum Boxing" promouter şirkətinin təşkilatçılığı ilə keçirilən peşəkar boks gecəsi baş tutub. İlkin proqram çərçivəsində rinqə 50 yaşlı azərbaycanlı Əli İsmayılov çıxıb.
Çoxları üçün gözlənilmədən "Bürünc Əli" ikinci raundda indiyədək məğlubiyyətin nə olduğunu bilməyən rusiyalı boksçu Rəsul Maqomedova texniki nokautla qalib gəlib və birinci ağır çəkidə MDB çempionu titulunu qazanıb.
Qeyd etmək lazımdır ki, Maqomedov peşəkar karyerasına ötən il başlayıb və bu müddət ərzində ardıcıl beş qələbə qazanıb. Əli İsmayılov həvəskarlar və peşəkarlar arasında uğurlu keçmiş boksçudur. O, həvəskar kimi Dünya Çempionatının (1999) və Avropa Çempionatının (2000) bürünc mükafatçısı, peşəkar kimi isə "WBO Latino" çempionluq kəmərinin qalibi olub.
Qələbədən sonra Əli Ismayılov təşkilatçılara dəvətə görə təşəkkür edib və bu uğurunu da ona daimidəstək olan ailəsinə həsr edib.
Azərbaycanlı boksçu 50 yaşı olmasına baxmayaraq, böyük planları var.
"Mən Corc Formen, Roy Cons, Evander Holifild kimi dünya çempionu olmaq istəyirəm. Mən mütləq buna nail olacağam", - İsmayılov bildirib.
Qeyd edək ki, boksçumuz 11 illik fasilədən sonra 2022-ci ilin yayında peşəkar rinqə qayıdıb və bu müddətdə məşqçilik fəaliyyəti ilə məşğul olub, hətta Azərbaycan millisinə də cəlb olunub. Əli Bakıya qayıtdıqdan sonra ilk döyüşdə az tanınan rəqibini üçüncü raundda texniki nokautla məğlub edib.
2023-cü ilin fevralında o, türkiyəli boksçunu xal hesabında məğlub edib, sonra isə altı məğlubiyyətlə üzləşib. Yeri gəlmişkən, onlardan birində İsmayılov Almaniyada keçmiş dünya çempionu Enriko Kellinqlə qarşılaşıb. Azərbaycanlı boksçu ikinci raundda nokautla məğlub olub.
Bu ilin fevral ayında İstanbulda 23 yaşlı yerli boksçu Gürkan Karadağla qarşılaşan Əli maraqlı döyüş nümayiş edib. Birinci raundda idmançılar üç dəfə nokdaunla yerə yıxılıblar (Karadağ iki dəfə, İsmayılov isə bir dəfə). İkinci raundda isə Əli rinqə çıxmaqdan imtina edib.
İndi isə uzun müddətdən sonra boksçumuz öz qələbəsini qeyd edib və MDB çempionu titulunu qazana bilən ilk azərbaycanlı boksçusu olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.