BAKI, 12 iyun — Sputnik. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Sputnik Azərbaycan-a müsahibə verib.
- Salam, Mixail Nikolayeviç. Sıx iş qrafikinizdə bizə vaxt ayırdığınız üçün çox sağ olun. Söhbətə təbii ki, Qarabağdan başlamaq istərdim. Siz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində oldunuz. Zəhmət olmasa, təəssüratlarınızı bölüşərdiniz.
- Hər vaxtınız xeyir, Kamilla. Səfirliyə gəldiyiniz üçün çox sağ olun. Doğrudan da, bu gecə Şuşadan qayıtdım. Bu, Azərbaycanda işlədiyim müddətdə - bir ildən az müddətdə səfər etdiyim üçüncü Qarabağ şəhəridir. Füzulidə, Laçında olmuşdum. Məni Şuşaya dəvət edən Azərbaycanın Rusiyadakı səfiri, dəyərli Polad Bülbüloğlunun sayəsində bu gözəl şəhəri ziyarət etdim. Orada vokalçıların Bülbül adına IX Beynəlxalq müsabiqəsinin yekun konserti oldu. Mən bu gözəl müsabiqədə, final hissəsində - simfonik orkestr ilə iştirakçıların çıxışına tamaşa etdim və bir gün yarım ərzində Şuşa şəhərini görmək imkanım oldu. Şəhər heyranedicidir: bərpa olunmuş məscid, yeni, gözəl məktəb, yeni, müasir evlər tikilir və şəhərin dəyişikliyə uğradığı aydın görünür.
Təəccüblü idi ki, Şuşada tıxacda qaldıq, çünki indi çoxlu sayda Azərbaycan vətəndaşı Şuşaya səfər edir və orada həqiqətən də görməli çox şey - həm tarixi abidələr, həm də müasir tikililər - var. Ona görə də Qarabağın üçüncü şəhərinə səfər etməkdən məmnun qaldım.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov
© Sputnik / Murad Orujov
- Həyatın sürətlə getdiyini eşitmək çox xoşdur, xüsusən də bizim üçün belə simvolik bir şəhərdə. Mixail Nikolayeviç, anti-Rusiya sanksiyalarının ölkələrimiz arasında iqtisadi münasibətlərə təsirini necə qiymətləndirirsiniz? Çətinliklər varmı, yoxsa bu daha sıx əməkdaşlığa məcbur edir?
- Düşünürəm ki, sualınızın sonuncu hissəsi bu sualın cavabıdır. Baxın, prinsipcə, bizim iqtisadiyyatlarımız - həm Rusiya, həm də Azərbaycan Sovet İttifaqı dağılandan sonra eyni şəkildə inkişaf edib. 90-cı illərin əvvəllərində də biz eyni çətinlikləri, iqtisadi əlaqələrin dağılmasını, yenilərinin qurulmasını yaşadıq. Sonra, həm Rusiyanın, həm də Azərbaycanın iqtisadiyyatı zəif olanda, təbii ki, Rusiya ilk növbədə o dövlətlərlə iqtisadi əlaqələr qurdu ki, o dövlətlər bizi lazımi mal və texnologiya ilə təmin edə bildi. Ənənəvi əlaqələr formalaşıb. Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayandan sonra - qeyri-legitim, heç bir beynəlxalq tələblərə və standartlara cavab verməyən, çünki beynəlxalq sanksiyalar yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən qoyula bilər - biz yeni tərəfdaşlar axtarmağa başladıq. Məlum oldu ki, Qərbdən başqa bir çox ölkələr, çoxlu tərəfdaşlar var ki, onlarla iqtisadi əlaqələr qurmaq və inkişaf etdirmək mümkündür.
Ona görə də, bəli, sanksiyalar hamımız üçün problemlər yaratdı, çünki vahid beynəlxalq iqtisadi məkan indi parçalanıb, bizi yeni iqtisadi əlaqələrə doğru sövq edib.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov
© Sputnik / Murad Orujov
Ötən il Rusiya iqtisadiyyatı uğurla inkişaf edib. Artım 3,5% təşkil edib. Bu, qlobal artım tempindən yüksəkdir. İqtisadi əlaqələrimiz uğurla inkişaf edir, ticarət dövriyyəmizin səviyyəsi 4 milyard dollar civarındadır, biz hələ də ticarət dövriyyəmizi ABŞ dolları ilə hesablamağa davam edirik, baxmayaraq ki, rubl və manat getdikcə xarici valyutaları əvəz edir - hazırda ödənişlərimizin 60%-dən çoxu milli valyuta ilə həyata keçirilir. Bizim biznes isə uyğun olaraq manatla maraqlanır, Azərbaycan biznesi rubldan məmnundur.
Prezidentlərimizin təkcə ticarətin deyil, həm də sənaye kooperasiyasının inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələri nəzərə alaraq, biz nəinki mal ticarətini inkişaf etdiririk, həm də müştərək müəssisələr yaradılır, Azərbaycanda Rusiyanın montaj müəssisələri, istehsal müəssisələri açılır. İki ölkə arasında sənaye və yüksək texnologiya sahəsində əməkdaşlıq artmaqdadır.
Bu baxımdan cavab verə bilərik ki, sanksiyalar ölkələrimiz arasında daha sıx əməkdaşlığa təkan verib.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov
© Sputnik / Murad Orujov
- Azərbaycanla Rusiya arasında əməkdaşlığın mühüm sahələrindən biri nəqliyyat və logistikadır. Regionun tranzit potensialının inkişafı üçün Bakı və Moskva tərəfindən hansı işlər görülür?
- Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə üstünlük ondan ibarətdir ki, bizim ümumi sərhədimiz var. Hər şeydən əvvəl, hər iki tərəfdən çox tez və səmərəli görülən, bizim Rusiya-Azərbaycan sərhədimizdən keçid imkanlarının genişləndirilməsi oldu. Orada yeni gömrük məntəqələri tikilib, yollar genişləndirilib. İndi orada heç bir problem və ya növbə yoxdur. Yük tez və səmərəli şəkildə sərhədi keçir.
Azərbaycanın unikal coğrafi mövqeyi var. O, Rusiya ilə Azərbaycanın şimalında yerləşən digər ölkələr, cənubda isə İran və Pakistan arasında keçən beynəlxalq nəqliyyat marşrutunun mərkəzində yerləşir. Türkiyəyə Azərbaycandan keçə bilərsiniz. Ona görə də Rusiya tərəfindən Azərbaycandan keçməklə İrana və Azərbaycandan, Naxçıvandan keçməklə Türkiyəyə çatan dəmir yolu nəqliyyat dəhlizinin genişləndirilməsi vəzifəsi qoyulub.
Ona görə də indi iki prezidentin qərarına uyğun olaraq bu nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır ki, yüklər Rusiyadan İranın cənubuna və Pakistana tez və ucuz çatdırılsın. Müvafiq olaraq dəmir yolu ilə Naxçıvan vasitəsilə Türkiyəyə çatdırmaq mümkündür.
- Mixail Nikolayeviç, Rusiya və Azərbaycanın nümayəndələri hər iki ölkənin ərazisində keçirilən tədbirlərdə fəal iştirak edirlər. Müxtəlif iqtisadi, humanitar, regionlararası forumlar keçirilir. Rusiyanın məşhur aktyorları Azərbaycana gəlirlər və əksinə. Bizə deyin, iki ölkə arasında mədəniyyət və təhsil mübadiləsi sahəsində hansı tədbirlərin keçirilməsi planlaşdırılır?
- Doğrudan da, bizim mədəni-maarif əlaqələrimiz çox fəaldır, genişlənməkdə davam edir. Prezidentimiz Sankt-Peterburq İqtisadi Forumunda aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşdə məhz Azərbaycan nümayəndəsi çox gözəl sual verəndə bu haqda danışdı. Vladimir Vladimiroviç Azərbaycanda rus dilində dərs deyən 200-dən çox məktəb olduğunu dedi. Bu, mədəni-humanitar əməkdaşlığımıza töhfə verən çox mühüm amillərdən biridir.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov
© Sputnik / Murad Orujov
Bakıda rus dili üzrə respublika olimpiadası keçirdik. Bu il Azərbaycandan - Azərbaycanın 50 şəhər və rayonundan 8 min iştirakçı olub. Bu, Azərbaycan vətəndaşlarının rus dilini bilməyə nə dərəcədə maraqlı olduğunun daha bir sübutudur. Rusiyanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələr üçün xüsusi kvotalarımız var və bu kvotalar üçün həmişə böyük rəqabət var.
İyun ayında Bakıda Rusiya Mədəniyyəti Günlərinə ev sahibliyi edəcəyik. Xatırlatmaq istərdim ki, may ayında Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi, orada Rusiyanın mədəniyyət naziri Olqa Borisovna Lyubimova başda olmaqla mədəniyyət xadimlərindən ibarət çox nümayəndə heyəti iştirak etdi. Azərbaycan da səfir və müğənni Polad Bülbüloğlunun sayəsində Rusiyanın mədəni-humanitar məkanında çox fəaldır. Azərbaycan pavilyonunun yerləşdiyi Ümum Rusiya Sərgi Mərkəzi mütəmadi olaraq çox maraqlı tədbirlər keçirilir. May ayında isə Moskvanın "Helikon-Opera" musiqili teatrında Heydər Əliyev Fondunun 20 illik yubileyinə həsr olunmuş konsert böyük uğurla keçirildi.
Ən son belə hadisələrdən birinə misal çəkmək olar - Azərbaycan Yazıçılar İttifaqının sayəsində rus nəsri əsərləri Azərbaycan dilinə tərcümə olundu, rus və Azərbaycan dillərində müasir rus nəsri kitabı nəşr olundu. Bu, bizim humanitar və mədəni əməkdaşlığımızın gözəl nümunəsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.