BAKI, 11 iyun — Sputnik. Türkiyənin Maliyyə Nazirliyi süni intellektə əsaslanan dövlət xərclərinə nəzarət etmək üçün yeni üsullar hazırlamağa başlayıb. Nazir Mehmet Şimşəkin sözlərinə görə, iki aydan sonra hazırlıq işləri başa çatacaq və bir il ərzində süni intellekt mühasibat sistemlərinə daxil ediləcək. Bu barədə Rusiya mediası Türkiyənin "Dünya" qəzetinə istinadən xəbər verib.
Şimşək, süni intellekt Baş mühasibat uçotu müdirliyi tərəfindən ümumilikdə mühasibat uçotunda müxtəlif ssenarilər çərçivəsində, həmçinin ödənişlər, əmanət (depozitə qoyma), yığımlar, maliyyə statistikası, xərclər, maaşlar və digər sahələrdə məlumatları təhlil etmək üçün istifadə ediləcəyini söyləyib. Nazirin sözlərinə görə, süni intellekt qabaqcıl mühasibat analitikası üçün alətə çevriləcək və əslində erkən xəbərdarlıq sistemi rolunu oynayacaq.
Bu yaxınlarda Türkiyə Maliyyə Nazirliyi ölkə iqtisadiyyatındakı böhranla əlaqədar zəruri olan büdcə vəsaitlərinə qənaət proqramını açıqlayıb. Proqram çərçivəsində təcili yardım, müdafiə və təhlükəsizlik kimi sahələrdə zəruri ehtiyaclar istisna olmaqla, üç il müddətinə dövlət sektorunda yeni nəqliyyat vasitələrinin alınmasını və icarəyə verilməsini qadağan edir. Dövlət qulluqçuları üçün xaricə ezamiyyətə məhdudiyyətlər tətbiq edilir. Beynəlxalq görüşlərin və milli bayramların təşkili halları istisna olmaqla, işgüzar naharların və digər tədbirlərinin keçirilməsi təcrübəsi də üç il müddətinə dondurulur. Jurnal və təqvimlər, suvenir və korporativ xarakterli digər əşyalar kimi qurum hədiyyələrinə qadağalar və məhdudiyyətlər tətbiq edilib. Maliyyə Nazirliyindən qeyd edilib ki, qənaət tədbirləri paketi genişlənəcək.