BAKI, 11 iyun - Sputnik. Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununda Qazaxıstan kyığması üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda baş tutan qarşılaşmaya aktiv başlayan rəqib komanda 2-ci dəqiqədə Yan Voroqovskiylə hesabı açıb. 28-ci dəqiqədə Maksim Samorodov növbəti dəfə millimizin qapısına yol tapıb.
Bununla belə, ruhdan düşməyən futbolçularımız fasiləyə 3 dəqiqə qalmış Mahir Emreli ilə hesab arasındakı fərqi minimuma endirib. Oyunun 51-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən Emin Mahmudov “status-kvo”nu bərpa edib. Yığmamızın qələbə qoluna isə 73-cü dəqiqədə fərqlənən Toral Bayramov imza atıb.
Xatırladaq ki, iyunun 7-də Azərbaycan millisi Albaniya komandasına 1:3 hesabı ilə məğlub olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.