Aİ nə üçün Ukrayna vasitəsilə Azərbaycan qazını Rusiya qaz kəmərləri ilə almaq istəyir
Aİ Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi variantlarını müzakirə edir və bunlardan biri Azərbaycan "yanacağının" alınması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir.
SputnikBAKI, 11 iyun — Sputnik. Avropa İttifaqının (Aİ) Avropa ölkələrini təbii qaz istehlakını azaltmağa çağırmasına baxmayaraq, Avropa iqtisadiyyatının "mavi yanacaq"dan asılılığını anlayan Brüssel Azərbaycandan idxalın yeni variantlarını nəzərdən keçirir.
Belə ki, "Bloomberg"in məlumatına görə, Aİ və Avropa ölkələrinin rəsmiləri Ukrayna tərəfi ilə Rusiya qazının Ukrayna vasitəsilə icma ölkələrinə tranzitinə dair Sazişin müddətini 2025-ci ilə qədər uzatmaq üçün danışıqlar aparır.
Belə ki, tranzitin davam etdirilməsi üçün hazırda müzakirə olunan variantlardan biri də Aİ-nin Azərbaycandan qazı alması və onun Ukrayna ərazisindən keçən Rusiya qaz kəmərləri ilə nəqlidir. Agentlik qeyd edib ki, Aİ-nin enerji daşıyıcılarından imtina etməyə çalışdığı Rusiya Federasiyasının özündən qazın alınması istisna olunur.
Kiyev Bakıdan qaz almaq təşəbbüsünü müsbət qiymətləndirir və ölkədə yerləşən infrastrukturdan istifadəni davam etdirmək niyyətindədir.
Brüsselin Rusiya qazından imtina etməsi barədə hesabat vermək cəhdləri
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkovun fikrincə, Azərbaycan qazının tədarükü üçün belə bir sxemin yaradılması ideyası başa düşüləndir - Avropa siyasətçiləri nəhayət, Rusiya qazından, ən azı birinci mərhələdə boru kəmərindən tamamilə imtina etdiklərini bildirmək və siyasi qələbələrini elan etmək istəyirlər.
"Yəni, bu fikir sırf siyasi xarakter daşıyır, çünki Azərbaycan qazı ilə bağlı heç bir şikayət yoxdur və Rusiyadan gələn hər şey guya zəhərlidir". Başqa bir məsələ isə, bu tədarük variantını necə həyata keçirməkdir. Burada biz siyasi xəyallardan reallığa qayıdırıq", - Yuşkov Sputnik Azərbaycan-a bildirib.
Ekspert qeyd edib ki, qazı dövlət deyil, kommersiya şirkətləri satır. Əgər Aİ-nin Azərbaycan qazını yeni marşrutla almaq istədiyi bildirilirsə, o zaman müvafiq kommersiya müqaviləsi imzalanmalıdır.
"Bəs "Qazprom"la bağlanan köhnə müqavilələrlə nə etmək lazımdır? Çünki köhnə müqavilə ləğv edilərsə, Avropa şirkətləri cərimə ödəməlidirlər və belə çıxır ki, indi "Qazprom"dan boru kəmərləri vasitəsilə alışı davam etdirən bütün Avropa şirkətləri ona on milyardlarla dollar məbləğində cərimə ödəməlidirlər. Onlar buna razıdırlarmı?", - ekspert sual verir.
Bundan əlavə, Yuşkov qeyd edib ki, bu layihənin icra sxemi aydın deyil. Azərbaycanın əlavə həcmləri yoxdur, xüsusən də "Qazprom"un Avropaya tədarük etdiyi rəqəmlərdə - ildə təxminən 30 milyard kubmetr. Təbii ki, Azərbaycanın Avropa bazarında Rusiya tədarükünü əvəz etmək üçün daha 30 milyard kubmetr hasil etmək imkanı yoxdur.
"Azərbaycan ümumiyyətlə öz yolu ilə gedir, qaz kəməri çəkir, "Şahdəniz-2" yatağının işlənməsini reallaşdırıb və oradan da indi qaz artıq Avropaya nəql olunur. Mövcud kommersiya müqaviləsinə əsasən, Azərbaycan İtaliyaya 8 milyard kubmetr, Yunanıstana 1 milyard kubmetr, Bolqarıstana isə daha 1 milyard kubmetr qaz nəql edir. Bundan əlavə, ölkənin belə bir imkanı olduğu halda, bir sıra digər Balkan ölkələrinə də vaxtaşırı qaz nəqli həyata keçirilir. Lakin Rusiya qazı əvəzinə hasilatı 30 milyard kubmetr artıra bilməz. O, artıq Azərbaycanın mövcud infrastruktur vasitəsilə əldə etdiyi artıqlığı Avropaya nəql edir. Azərbaycanın qaz tədarükü marşrutunu niyə dəyişdirməsi aydın deyil", - Yuşkov bildirir.
Kağız üzərində qaz mübadiləsi
Ekspertin sözlərinə görə, Azərbaycan qazının Rusiya boru kəmərləri ilə nəqlinin yeganə variantı mübadilə əməliyyatları şəklində ola bilər. Yəni, kağız üzərində belə olacaq: "Qazprom" guya Azərbaycana 30 milyard kubmetr qaz nəql edir, eyni zamanda Azərbaycan Rusiya və Ukrayna vasitəsilə Avropaya eyni həcmdə qaz ixrac edir.
"Virtual olaraq belə görünür, ancaq praktikada isə "Qazprom" Avropaya qazı necə göndərirdisə, bundan sonra da elə davam edəcək. Rusiya Ukrayna vasitəsilə 15 milyard kubmetr qaz tədarük edir və sazişdən sonra o, tədarükünü davam etdirə bilər, lakin Ukrayna və Avropa ölkələri sərhədində rəsmi satıcı, məsələn, SOCAR Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti olacaq", - ekspert izah edib.
Yəni, mütəxəssis qeyd edib ki, hər şey olduğu kimi qalacaq, yalnız SOCAR hansısa vasitəçi kimi çıxış edəcək və bu vasitəçilik üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ödəməli olacaq, ona görə də sonda avropalılar üçün qiymət artacaq.
Eyni zamanda, Yuşkov hesab edir ki, Avropa şirkətləri arasında sual yaranacaq: əgər heç nə dəyişmirsə və Aİ ölkələri Rusiya qazını almaqda davam edirsə, onda niyə onlar daha çox pul ödəməli olurlar, çünki "Qazprom" yenə də eyni gəliri əldə edəcək.
"Bu sxemdən Rusiya zərər görməyəcək, ancaq avropalı istehlakçılar zərər çəkəcək. Onda bütün bunların nə mənası var? Yəni Avropa şirkətləri soruşacaqlar - Brüssel Rusiyanın qazanc əldə etməməsi üçün onun qazından imtina edir? Çünki Rusiyanın onun başqa şeylərlə yanaşı, müdafiə xərclərinə xərcləyəcəyi büdcə gəlirləri olmasın deyə. Lakin belə çıxır ki, bu ideya reallaşarsa, Rusiya da həmin məbləği alacaq, SOCAR da vasitəçilik xidmətlərinə görə pul qazanacaq, avropalılar isə Rusiya qazını necə alırdılarsa, eyni dərəcədə almağa davam edəcəklər. Burada Rusiyaya vurulan zərbə nədir bəs? Aydın deyil. Düşünürəm ki, Avropa şirkətləri bu fikri Aİ-nin siyasi rəhbərliyinə hər cür çatdırmaq üçün əllərindən gələni edəcəklər", - Yuşkov bildirib.
Eyni zamanda ekspert qeyd edib ki, bu sxem həyata keçiriləcəyi təqdirdə Avropa siyasətçiləri Rusiya qazını formal olaraq almağa davam etsələr də, ondan imtina etdiklərini təntənəli şəkildə bəyan edəcəklər. Buna görə də, heç kimin belə bir sazişin həyata keçirilməsinə cəhd göstərməməsi üçün Avropa biznesi indi fəal şəkildə çıxış edəcək.
Eyni zamanda, Yuşkov Bloomberg-də dərc olunan bu məlumatı istisna etməyib və deyib ki, 2025-ci ildə Rusiya qazının Ukrayna ərazisindən adi tranzitinin davam edəcəyi zaman bunu demək olar. Brüssel müxtəlif variantları sınayıb, lakin uğur qazanmayıb.
"Avropa şirkətlərinin 2035-2040-cı illərə qədər Rusiya Federasiyasından qaz almasına dair müqavilələri var. Ola bilsin ki, onlar 2025-ci ildə Ukrayna vasitəsilə Rusiya qazını almağa davam edəndə müxtəlif variantların sınandığını demək və bu sxem üzrə tədarüklə bağlı Azərbaycanla danışıqları misal göstərmək olar. Brüssel alternativ sxemlərin, o cümlədən Azərbaycan qazının Rusiya qaz kəmərləri ilə tədarükünün Rusiyaya zərər verməyəcəyini deyərək özünə haqq qazandıra bilər. Yəqin ki, bu, gələcəkdə Aİ-nin Rusiya qazını niyə almağa davam etdiyini əsaslandırmaq üçün saxtakarlıqdır", - Yuşkov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.