DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qlobal istiləşmə rekordu yenilənib

2014-cü ildən 2023-cü ilə qədər son on il ərzində insan tərəfindən törədilən istiləşmə sənayedən əvvəlki səviyyədən 1,19 dərəcə Selsiyə yüksəlib.
Sputnik
BAKI, 10 iyun — Sputnik. Lids Universitetinin (Böyük Britaniya) alimləri qlobal istiləşmə sürətinin rekord yenilədiyini aşkar ediblər.
Tədqiqatın nəticələri "Earth System Science Data" jurnalında dərc edilib və "Phys.org" saytındakı press-relizdə qısa şəkildə təsvir edilib.
İqlimşünasların hesabatına görə, 2014-cü ildən 2023-cü ilə qədər son on il ərzində insan tərəfindən törədilən istiləşmə sənayedən əvvəlki səviyyədən 1,19 dərəcə Selsiyə yüksəlib. Eyni zamanda, ötən ilki hesabatda 2013-2022-ci illər üçün 1,14 dərəcə Selsi artımı göstərilib.
2023-cü ilə ayrı-ayrılıqda baxsaq, insanların fəaliyyətindən irəli gələn istiləşmə Selsi üzrə 1,3 dərəcəyə çatıb. Bu, ümumiyyətlə, El Niñonun təsiri də daxil olmaqla təbii iqlim dəyişkənliyini ehtiva edən ümumi istiləşmədən (1,43 dərəcə Selsi) aşağıdır.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, 1,5 dərəcə Selsi həddinə çatmaq üçün qalan karbon büdcəsi (Paris Sazişinin hədəfi) təxminən 200 gigatondur ki, bu da cari tullantıların cəmi beş ilinə bərabərdir.
İqlimşünaslar qeyd ediblər ki, istiləşmə il ərzində, təxminən 53 milyard ton karbon qazı təşkil edən yüksək istixana qazı tullantıları və aerozolların soyuducu təsirini azaldan kükürd tullantılarının azalması hesabına havanın keyfiyyətinin yaxşılaşması ilə bağlıdır.