BAKI, 8 iyun - Sputnik. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar İstanbulda Qaz Ticarət Mərkəzinin yaradılması planlarını açıqlayıb. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, türkiyəli nazir Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu platformasında jurnalistlərlə söhbətində son illər Türkiyədə müasir enerji infrastrukturunun yaradılması istiqamətində genişmiqyaslı işlərin aparıldığını bildirib.
“Yeni Qaz Ticarət Mərkəzi İstanbul Maliyyə Mərkəzinin ərazisində fəaliyyət göstərəcək. Hazırda müvafiq hazırlıq işləri aparılır, infrastruktur bazası formalaşdırılır. Bu istiqamətdə növbəti addım Türkiyənin BOTAŞ və Rusiyanın “Qazprom” şirkətlərinin təsis edəcəkləri ortaq enerji şirkətinin fəaliyyəti olacaq”, - nazir qeyd edib.
Türkiyəli nazir xatırladıb ki, Rusiya Federasiyası ilə Türkiyə arasında təbii qaz ticarəti üzrə əməliyyatlar 40 ildir davam edir.
Energetika Nazirliyinin rəhbəri ölkədə nüvə enerjisinin inkişafının vacibliyinə də diqqət çəkib.
“2050-ci ilədək Türkiyədə ümumi gücü 15 min MVt olacaq 12 reaktorun istismarını planlaşdırırıq”, - nazir bildirib.
Nazirin sözlərinə görə, nüvə enerjisindən daha çox istifadə tendensiyası bütün dünyada baş verir ki, bu da ətraf mühitin çirklənməsinin azaldılması üzrə qlobal məqsədlərə uyğundur.
A.Bayraktar həmçinin vurğulayıb ki, “COP28 konfransı çərçivəsində çox iddialı bir məqsəd qarşıya qoyulub:
"Atom elektrik stansiyalarının gücünü üç dəfə artırmaq və bununla da qlobal istiləşmə ilə mübarizədə bəşəriyyətə kömək etmək... Bu vəzifə Türkiyənin nüvə enerjisi sahəsindəki hədəfləri ilə üst-üstə düşür”.
İyunun 5-dən 8-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.