BAKI, 6 iyun — Sputnik. Rusiya Ermənistanın şimalında fəlakət zonasında zədələnmiş dəmir yolu hissələrinin bərpası üçün genişmiqyaslı işlər aparır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Mən başa düşürəm ki, tamhüquqlu dəmir yolu əlaqəsini bərpa etmək üçün rusiyalı tərəfdaşlarımız kifayət qədər genişmiqyaslı işlər görürlər", - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, Ermənistan hakimiyyəti yeni körpülərin tikintisi üzrə beynəlxalq tərəfdaşlarla fəal işləyir və İrəvan yardıma ümid edir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, ən azı bir neçə tərəfdaş artıq belə yardıma hazır olduğunu bildirib.
Bundan əvvəl Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, daşqından sonra ilk benzin və dizel yanacağı yükü dəmir yolu ilə Ermənistana, Gürcüstanla həmsərhəd Ayrum stansiyasına gəlib.
Bundan əvvəl Cənubi Qafqaz Dəmir Yolu şirkəti Sənain stansiyasından Ayrum stansiyasına kimi dəmir yolunun zədələnmiş 8 hissəsindən ikisində qatarların hərəkətinin bərpa olunduğunu açıqlamışdı.
Xatırladaq ki, daşqın nəticəsində Gürcüstanla sərhədə yaxın 27 kilometrlik hissədə (Ayrum stansiyasından Sənain stansiyasına qədər) dəmir yolu zədələnib. Yol Ermənistan hökuməti və "Rusiya Dəmir Yolları" ASC-nin (Ermənistanın dəmir yollarını idarə edən törəmə müəssisəsi olan Cənubi Qafqaz dəmir yolları) rəhbərliyinin razılığı ilə bərpa olunacaq.