BAKI, 6 iyun — Sputnik. Azərbaycanla sərhədin may ayında delimitasiya olunmuş hissəsində Voskepar kəndi yaxınlığında erməni sərhədçi minaya düşüb. Bunu Ermənistan parlamentinin "Ermənistan" müxalifət fraksiyasından olan deputatı Qarnik Danielyan deyib.
"Məndə olan məlumata görə, erməni sərhədçi Tavuş vilayətinin Voskepar kəndində Müqəddəs Məryəm kilsəsinin yaxınlığında mina partlaması nəticəsində yaralanıb" – deputat sosial şəbəkədə yazıb.
Mayın sonunda Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirmişdi ki, erməni sərhədçiləri Berkaber, Voskepar və Bağanis kəndləri yaxınlığında hərbçiləri əvəz edərək, Azərbaycanla sərhədin təxminən 7 kilometrlik hissəsini mühafizə altına alıblar.
Mayın ortalarında Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının iclası keçirilib və onun yekununda protokol imzalanıb. Aprelin ortalarında isə komissiyalar bildirmişdilər ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər əvvəllər birbaşa Bağanis (Ermənistan) - Bağanis Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) - Aşağı Əskipara (Azərbaycan), , Kirants (Ermənistan) - Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) - Qızıl Hacılı (Azərbaycan) yaşayış məntəqələri arasında sərhədin ayrı-ayrı hissələrini razılaşdırıblar.