BAKI, 4 iyun — Sputnik. Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetində təhsil haqqı xərclərindən azad olunacaqlar.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar bunlardır:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2. İbtidai sinif müəllimliyi
3. Riyaziyyat müəllimliyi
4. Xarici dil müəllimliyi (ingilis dili)
5. Hüquqşünaslıq
6. Beynəlxalq münasibətlər
7. Maliyyə
8. Mühasibat.
Qeyd edək ki, mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin heyətinə təqdim olunub. Məlumat üçün onu da bildirək ki, Qarabağ Universitetinin qəbul planı təsdiqlənib. Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq.
26.02.24
Qarabağ Universitetində təhsil alacaq yüksək bal toplayan tələbələrə əlavə olaraq həvəsləndirici təqaüd tətbiq olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, eyni zamanda, Universitetin yataqxanası bütün tələbələr üçün ödənişsiz olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.
Təhsil naziri Emin Əmrullayev
© Sputnik / Murad Orujov
Sərəncama əsasən, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.