BAKI, 4 iyun — Sputnik. Daha əvvəl Rusiyada fəaliyyətini dayandıran və pərakəndə satış məntəqələrini satan "Starbucks" korporasiyası səkkiz ticarət nişanının qeydiyyatı üçün müraciət edib.
Bu barədə "Rospatent"in məlumat bazasından məlum olub.
Departamentdən verilən məlumata görə, "Starbucks" Korporasiyası Mal və Xidmətlərin Beynəlxalq Təsnifatının 21, 30, 35 və 43-cü sinifləri üçün ticarət nişanından ötrü müraciətlər edib. Şirkət Starbaks qəhvə, frappuccino, Starbucks, Starbucks coffee və s. kimi brendləri qeydiyyatdan keçirməyi planlaşdırır.
Xatırladaq ki, "Starbucks" qəhvə şəbəkəsi 2022-ci ilin mart ayında Rusiyadakı fəaliyyətini ölkədəki məhsulların tədarükü də daxil olmaqla dayandırıb. Sonra şirkət Rusiya bazarından çıxmaq qərarını açıqlayıb. "Starbucks"un aktivlərini Anton Pinski, iş adamı Timur Yunusov (Timati) və "Sindika" şirkəti şərik olaraq əldə edərək "Stars Coffee" kafe şəbəkəsini işə salıblar.