BAKI, 4 iyun — Sputnik. Rusiya və Belarusa qarşı artan sanksiya təzyiqinə baxmayaraq, Aİİ-nin iqtisadi göstəriciləri artır. Bunu Rusiyanın baş naziri Mixail Mişustin Aİİ Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında bildirib.
"İttifaq yaranandan bəri kənd təsərrüfatı məhsullarının həcmi təxminən iki dəfə, sənaye istehsalı isə iyirmi faizdən çox artıb" - Mişustin bildirib.
Keçən ilin sonunda "beşlik"in ümumi daxili məhsulu 3,8% artıb. Bütün ittifaq dövlətlərində əsas makroiqtisadi göstəricilər üzrə müsbət dinamika qlobal artım tempini üstələyir.
"Real əmək haqqı durmadan artır, işsizlik səviyyəsi azalır və bütün bunlar əlverişsiz xarici mühit, beynəlxalq münasibətlərin yeni arxitekturasının formalaşması və ilk növbədə Rusiya və Belarusa qarşı artan sanksiyaların fonunda baş verir" - Mişustin vurğulayıb.
Bunun fonunda o, Aİİ-nin MDB, ŞƏT, ASEAN, BRİKS, Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələri ilə əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, İndoneziya və Monqolustanla danışıqlar aparılır.
Belarusun qədim Nesvij şəhərində Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir. İclasda Avrasiya iqtisadi inteqrasiyasının dərinləşdirilməsi, o cümlədən nəqliyyat infrastrukturu, gömrük-tarif tənzimlənməsi və iqlim gündəliyi məsələlərinin müzakirəsi planlaşdırılır.