BAKI, 3 iyun — Sputnik. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezident Salome Zurabişvilinin vetosundan sonra parlamentin qəbul etdiyi xarici agentlər haqqında qanunu imzalayıb, sənəd qüvvəyə minib.
Spiker bazar ertəsi brifinqdə deyib: "Mən Xarici Təsirdə Şəffaflıq Aktını imzaladım".
Mayın 28-də Gürcüstan parlamenti yeddi saatlıq müzakirədən sonra prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna veto qoymasını aradan qaldıraraq onu orijinal variantında qəbul edib. 84 deputat lehinə, dördü əleyhinə səs verib. Artıq ay yarımdır ki, Tbilisidə və Gürcüstanın iri şəhərlərində davam edən küçə etirazlarına, ABŞ və Avropa İttifaqının sanksiya hədələrinə baxmayaraq, parlament bu qanunu qəbul edib.
Mayın 14-də Gürcüstan parlamenti küçə etirazlarına baxmayaraq, "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü və yekun oxunuşda qəbul edib. Mayın 18-də Gürcüstan prezidenti Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub və onu "Rusiya qanunu" və "qeyri-konstitusion adlandırıb. Bundan əvvəl dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ Xarici Agentlər Aktı ilə əlaqədar Gürcüstanla ikitərəfli əməkdaşlığa hərtərəfli baxış elan edir və viza məhdudiyyətlərinin tətbiqi ilə bağlı yeni siyasət tətbiq edir. Gürcüstanın hakim partiyası ABŞ-ın qərarını gülməli adlandırıb və qeyd edib ki, şantaj təhdidləri siyasəti strateji tərəfdaşlıq ruhuna uyğun gəlmir.