BAKI, 31 may — Sputnik. Qərbin Rusiya ilə qarşıdurma xətti Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gərginliyə səbəb olur. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin Almatıda keçirilən iclasında Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib.
"Şimali Atlantika Alyansının ayrı-ayrı ölkələri Qafqazda öz mövqelərini gücləndirməyə, bununla da Xəzər dənizinin resurslarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışırlar" - Belousov Müdafiə Şurasının iclasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, Qərb münasibətləri normallaşdırmaq üçün Bakı və İrəvana öz vasitəçilik xidmətlərini təntənəli şəkildə təqdim edir və bununla belə yalnız Qərb platformalarında və diktə ilə sülh müqaviləsi imzalamağı təklif edir.
Belousov qeyd edib ki, NATO və Aİ-nin bütövlükdə Rusiya Federasiyası ilə qarşıdurma kursu KTMT-nin kollektiv təhlükəsizliyinin bir sıra regionlarında gərginliyin artmasına təsir göstərir.
Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova demişdi ki, Qərb Cənubi Qafqaz ölkələrini bir-birinə qarşı qoymağa çalışır.
"Onların düşüncəsinə görə, region ölkələri bir-biri ilə əlaqələr qurmamalı, əksinə, qonşular iqtisadiyyatla, ticarətlə, infrastruktur quruculuğu ilə məşğul olmamalıdırlar, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmalıdırlar" - Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, oxşar tendensiyalar Bakıda və digər paytaxtlarda müşahidə olunur.