BAKI, 26 may — Sputnik. Avropa ölkələri Rusiya və Ukrayna arasında hər iki dövlətin iştirakı ilə sülh danışıqlarına başlamalıdır.
Bu fikir Avropadakı elm adamları və siyasətçilərin açıq məktubunda ifadə olunub.
Məktubu İtaliya, Fransa, Almaniya və Finlandiya universitetlərinin alimləri imzalayıblar. Onların arasında keçmiş deputat Lusiana Kastellina, İtaliya Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Can Cakomo Miqone və Beynəlxalq Sülh Bürosunun keçmiş baş katibi Kolin Arçer də var.
Məktubda deyilir: "Bu addım Papa Fransiskin hərarətli çağırışına layiqli cavab olacaq. Avropa İttifaqı danışıqlarda vasitəçi olmalıdır. İlkin görüşlərdə münaqişəyə son qoymaq imkanlarını və Aİ dövlətləri, Rusiya Federasiyası və Ukraynanın dinc yanaşı yaşaması variantlarını müzakirə etmək lazımdır."
Alimlər və siyasətçilər əmindirlər ki, bu məsələ gündəmdə olmalıdır. Avropa Parlamentinə, siyasi partiyalara və hökumətlərə seçkilərə namizədlərdən bunu öz proqramlarına daxil etmələri tələb olunur.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Rusiya Federasiyası ilə ABŞ arasında danışıqlara ehtiyac olduğunu açıqlamışdı. Onun sözlərinə görə, bu, Ukrayna böhranının həlli üçün lazımdır.