İQTİSADİYYAT

Pensiyanın bir növündən başqa növünə keçid avtomatlaşdırılmış qaydada olacaq

Mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız şəxsin yazılı müraciətindən sonra baş verə bilər.
Sputnik
BAKI, 24 may — Sputnik. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi pensiyaçının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçiriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi qəbul olunduğu təqdirdə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişik nəticəsində pensiyanın bir növündən başqa növünə keçid elektron qaydada təmin ediləcək və bu da ildə 6-7 min vətəndaşı əhatə edəcək:
"Yeni qanun layihəsi sosial ədalət prinsipinin qorunması və vətəndaşların rifah halının yaxşılaşdırılmasını nəzərdə tutur. Vətəndaşın məlumatı olmasa da, "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişiklə bunu elektron qaydada təmin edəcəyik".
Nazir bildirib ki, mövcud qanunvericiliyə əsasən bir pensiyadan digərinə keçid yalnız şəxsin yazılı müraciətindən sonra baş verə bilər.
Əlavə edək ki, dəyişiklik maliyyə yükü və ya vətəndaşlar üçün əlavə hüquq yaratmır, onlar sadəcə müraciət etmək öhdəliyindən azad olunurlar.
Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.