BAKI, 24 may — Sputnik. "Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vislerin İrəvanda Ermənistan parlamentində səsləndirdiyi təxribatçı bəyanatla hər birimiz tanışıq. Milli Məclis bu bəyanata artıq rəsmi münasibətini bildirib, onun qərəzli və absurd fikirləri pislənilib və tutarlı arqumentlərlə cavablandırılıb". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elnur Allahverdiyev deyib.
Onun sözlərinə görə, Lüksemburq parlamentinin sədrinin söylədiyi fikirlər təxribatçı və qərəzli, bölücü mahiyyəti ilə yanaşı, həm də siyasi cəhətdən savadsız, geosiyasi situasiyanın diqtə etdiyi reallığa və Ermənistanla Azərbaycan arasında davam edən sülh gündəminin hazırki durumuna ziddir.
Deputat bildirib ki, Klod Visler bu bəyanatı ilə mövcud reallıqdan nə qədər uzaq və məlumatsız olduğunu biruzə verməklə, əslində özü-özünü yumşaq desək biabır edib:
O bildirib ki, bununla belə, yaxşı olardı ki, Lüksemburqun parlament sədri belə məsuliyyətsiz çıxışlar etmədən öncə ona verilən konspektlərdəki məlumatları dəqiqləşdirsin:
"Məsələn, Azərbaycan tərəfindən həbs edilən canilərin kimliklərinə dair ətraflı və obyektiv informasiya almağa çalışsın, onların insanlığa və bəşəriyyətə qarşı cinayət əməlləri barədə məlumatlı olsun. Vislerin bilməsi yaxşı olar ki, o şəxslərin 30 il öncə qətl edikləri azərbaycanlı qadın, uşaq, yaşlı insanların qalıqlarını biz indi tapıb üzə çıxarır, onillərdir gözü yaşlı qalmış ailələrinə təhvil veririk ki, dinimizə uyğun dəfn edilsinlər. Görəsən, Klod Vislerin təmsil etdiyi ölkənin vətəndaşlarına qarşı belə amansızlıqlar etmiş canilərə münasibəti necə olar? Başqa bir dövlətin rəsmisi onlara "azadlıq" tələb edəndə bu, Vislerin ürəyincə olarmı?".
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun "prezidentləri" olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.
Qeyd olunub ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.
Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.
Hazırda DTX İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.