BAKI, 23 may — Sputnik. Ermənistan və Azərbaycanın yanaşmalarında fikir ayrılıqları var, lakin İrəvan ümid edir ki, sülh müqaviləsinin mətni üzrə razılığa nail olmaq mümkün olacaq. Bunu 24News-a müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
“Hər görüşdə tərəflərin mövqelərini bir araya gətirməyə çalışırıq”, - Kostanyan bildirib.
O qeyd edib ki, İrəvan münasibətləri aydınlaşdırmağa, sülh sazişi imzalamağa və onu həyata keçirməyə hazırdır.
Delimitasiya prosesinə gəlincə, o qeyd edib ki, prinsip eynidir.
“1991-ci ildə mövcud olan sərhəd xəttini bərpa etmək üçün delimitasiya aparılmalıdır, bu halda 1991-ci ildə mövcud olan ən son xəritələrdən istifadə edilməlidir” - diplomat qeyd edib.
Onun sözlərinə görə, hazırda iki ölkənin xarici işlər nazirlərinin yeni görüşü ilə bağlı razılıq yoxdur.
Mayın 15-də iki ölkənin sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasına dair protokol imzalanıb.