DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə bundan sonra səfərbərliyi prezident elan edəcək

Ərdoğanın imzaladığı fərmana əsasən, ölkədə "Səfərbərlik və hərbi vəziyyət haqqında Nizamnamə" ləğv edilib, bunun əvəzinə "Səfərbərlik və hərbi vəziyyət haqqında Əsasnamə" qüvvəyə minib.
Sputnik
BAKI, 22 may — Sputnik. Türkiyədə səfərbərlik elan etmək səlahiyyəti ölkə prezidentinə verilib.
Müvafiq fərman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Fərmana əsasən, ölkədə "Səfərbərlik və hərbi vəziyyət haqqında Nizamnamə" ləğv edilib, bunun əvəzinə "Səfərbərlik və hərbi vəziyyət haqqında Əsasnamə" qüvvəyə minib.
Əsasnaməyə görə, Türkiyədə müharibəni labüd edən vəziyyət yarandıqda, ölkəyə qarşı üsyan, qiyam baş verdikdə, daxildə və xaricdə ölkənin bütövlüyü və xalqın birliyi üçün təhdid kimi hallar baş verdikdə Türkiyə prezidenti ümumi və ya qismən səfərbərlik elan etmək səlahiyyətinə malikdir.
Qeyd edək ki, bundan əvvəl Türkiyədə səfərbərlik elan etmək səlahiyyəti Nazirlər Şurasına məxsus idi.