BAKI, 22 may — Sputnik. Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı Azərbaycanla sərhədin delimitasiyası prosesinin aparıldığı xəritəni göstərib.
Paşinyan deyib ki, o, Tavuşda güzəştlər edilməsi barədə ittihamları qəbuledilməz və məntiqsiz hesab edir, çünki mövcud dövlət sərhədi de-yure bərpa olunur.
"Mən bunu uğur hesab edərdim, çünki Ermənistan öz tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi formalaşdırır, bərpa edir və suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur", Paşinyan bildirib.
Baş nazir belə bir fikri səsləndirib ki, 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Ermənistan Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha qeyd edib.
O, bu proses zamanı Ermənistanın suveren ərazisinin bir millimetrinin belə Azərbaycana verilmədiyini vurğulayıb.
"Ermənistanın suveren ərazisi delimitasiya olunmuş ərazilərdədir", Paşinyan bildirib.
O qeyd edib ki, İrəvan hazırda delimitasiya prosesi ilə Ermənistanın dövlət quruculuğu problemini 60% həll etmiş olur.
Baş nazir əmin edib ki, hökumətin hazırkı qərarları hüquqi cəhətdən, o cümlədən dövlət qurumları tərəfindən əsaslandırılıb.
Paşinyan parlamentdə Sovet Baş Qərargahının istifadə etdiyi və SSRİ-nin müvafiq geodeziya xidmətləri tərəfindən təsdiq edilmiş 1976-cı il xəritəsinin surətini göstərib. Xəritə Ermənistan və Azərbaycan SSR arasında 1969-cu ildə təsdiq edilmiş sərhədlər əsasında tərtib edilib.
"Bu xəritələrin müstəqilliyimizin və suverenliyimizin daha da möhkəmləndirilməsində çox mühüm rolu var", - Paşinyan qeyd edib.
Baş nazir onu da bildirib ki, Ermənistanda aparılan uzunmüddətli, diqqətli iş nəticəsində bu xəritələr əsasında ölkə sərhədlərinin bütün perimetri çəkilib.
Müxalifət və onun havadarları seçilmiş xəritələrin milli maraqlara cavab vermədiyini əsas gətirərək Ermənistan hakimiyyətini vətənə xəyanətdə ittiham edirlər. Müxaliflər 1988-ci il xəritələrinə əsaslanaraq delimitasiyada israrlıdırlar.