İDMAN

Teymur Rəcəbov Şarjada uduzub və "yeddi yüz" statusunu itirə bilər

Şarjada kifayət qədər nadir hadisə baş verib - azərbaycanlı şahmatçı həmyerlisini məğlub edib. Üstəlik, uduzan ölkənin aparıcı qrossmeysterlərindən olan Teymur Rəcəbov olub.
Sputnik
BAKI, 21 may — Sputnik. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Azərbaycanın bir sıra aparıcı şahmatçılarının iştirakı ilə ənənəvi "Şarja Masters" şahmat turniri davam edir.
Yeddinci raundun maraqlı epizodu Teymur Rəcəbovun (2723) uduzması olub. Rəcəbova reytinqdə ondan xeyli geri qalan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı qalib gəlib - 2560.
Yeri gəlmişkən, bu məğlubiyyət Rəcəbovun reytinqinə çox təsir edib. Hazırda o, 14,1 reytinq xalı itirərək, 2708,9 göstərici ilə dünya reytinqində 31-ci yerə enib. Turnirin qalan hissəsində uğursuz oyun Azərbaycan qrossmeysterinin uzun illərdən sonra ilk dəfə 2700 və daha yüksək reytinqə malik şahmatçılar siyahısından çıxmasına səbəb ola bilər.
Turnirə gəldikdə isə, qeyd edək ki, rusiyalı qrossmeyster Yevgeni Tomaşevskinin yetirməsi Aydın Süleymanlı (2621) ardıcıl üçüncü qələbəsini qazanıb. 19 yaşlı şahmatçı bu dəfə Cavohir Sindarovu (Özbəkistan, 2684) məğlub edib. Xatırladaq ki, Aydın əvvəlki turda erməni şahmatçı Hayk Martirosyanı (2678) məğlub edib.
Gənc qrossmeysterin hazırda beş xalı var – o, səkkizinci yerə yüksəlib. Süleymanlı növbəti mərhələdə güclü iranlı qrossmeyster Amin Tabatabaei (2707) ilə qarşılaşacaq.
Məhəmməd Muradlıya gəlincə, o, 4,5 xal toplayıb və 12-ci yerdədir. Səkkizinci turda onun rəqibi digər güclü iranlı şahmatçı Pərham Maqsudlu (2732) olacaq. Teymur Rəcəbov isə 3,5 xalla 39-cu pillədə qərarlaşıb. Növbəti turda o, Feliks Bloxberqerlə (Avstriya, 2505) qarşılaşacaq.
"Şarja Masters" turnirində hərəyə 5,5 xalı olan iki lider var - iranlı Bardiya Daneşvar (2581) və amerikalı Sem Şenkland (2671).
Elə orada - Şarjada paralel olaraq keçirilən uşaq turnirində növbəti qələbəsini qazanan Azərbaycan şahmatçısı Yunis Mahmudzadə (1850) altı xal toplayaraq liderliyə yüksəlib. Ölkənin digər gənc şahmatçısı Aqşin Əlizadə (1866) də eyni xala malik olsa da, əlavə göstəricilərə görə üçüncü yerdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.